Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

İlham Əliyev Zəngilanda 2-ci Milli Şəhərsalma Forumunda iştirak edib

İlham Əliyev Zəngilanda 2-ci Milli Şəhərsalma Forumunda iştirak edib
REKLAM ALANI
30.09.2023
A+
A-

 

 

 

 

İlham Əliyev Zəngilanda 2-ci Milli Şəhərsalma Forumunda iştirak edib

 

2023,

 

İlham Əliyev Zəngilanda 2-ci Milli Şəhərsalma Forumunda iştirak edib

 

 

Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

– BMT-nin Məskunlaşma Proqramının hörmətli icraçı direktoru.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Zəngilana xoş gəlmisiniz. Sizi burada – Azərbaycanın qədim bölgəsində, Şərqi Zəngəzurda salamlayıram. Bu gün bu region Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir.

İlk olaraq bütün qonaqlarımıza təşəkkürümüzü bildirirəm. Bu gün burada 53 ölkədən qonağımız var. 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 iştirakçı bu gün bizimlədir. Bu, bizim ikinci Azərbaycan Milli Şəhərsalma Forumumuzdur, bizim dostluğumuzun təzahürüdür. Bizim birgə marağımızın təzahürüdür ki, işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək.

 

 

Xüsusi olaraq, xanım icraçı direktora təşəkkür etmək istəyirəm ki, bizim təşəbbüsləri daim dəstəkləyib, şəhərsalma ilə bağlı dəyərli tövsiyələrini verib və verir. Biz sıfırdan yeni şəhər və kəndlər inşa edirik. Ona görə də burada müasir texnologiyalar tətbiq etməliyik ki, bununla da keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradaq. Onların bir hissəsi artıq qayıdıbdır.

Ötən il biz birinci Şəhərsalma Forumunu Ağdam şəhərində keçirmişdik. Həmin şəhər də sıfırdan inşa edilir, çünki o, işğal dövründə darmadağın edilmişdir.

Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə, – burada videoda da siz onu gördünüz, – ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Mən Ağalı kəndində dəfələrlə olmuşam – sakinlərin qayıdışından əvvəl və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi. Ancaq üç il əvvəl biz bu işğala son qoyduq.

Bu gün Zəngilan beynəlxalq tədbirə ev sahibliyi edir. Bu, yenidən inşa edilmiş Konqres Mərkəzi dünən açılıb. Təkcə bu bina deyil, Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Dediyim kimi, ilk “ağıllı kənd” Zəngilan rayonunda yerləşir. Bu şəhərin Baş planı artıq təsdiq edilib. Biz infrastruktura böyük vəsait ayırmışıq, bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar.

Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcəkdir. Gələcəkdə isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Əminəm ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq.

Zəngilan Beynəlxalq Hava Limanı azad olunmuş ərazilərdə inşa edilmiş ikinci hava limanıdır. Üçüncüsü isə hazırda Laçında inşa edilir və iki il ərzində o hava limanı da istifadəyə veriləcək.

 

 

Eyni zamanda, biz sovet dövründə mövcud olan dəmir yolu xəttini bərpa edirik. Çünki işğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Tezliklə biz bu layihəni istifadəyə verəcəyik. Yəni, Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq. Dəmir yolu xətləri, hava limanı – bu gün bu istiqamətdə altı və dörd zolaqlı avtomagistrallar inşa edilir. Paytaxt Bakıdan bütün bu istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Yəni bu, irihəcmli tikinti layihələridir və azad olunmuş hər bir rayon xüsusi Baş plana malikdir.

Biz Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçiririk. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Hesab edirəm ki, Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf etmişdir. Ona görə də burada bu potensial var.

Eyni zamanda, yeni iş yerləri yaradılır, çünki buraya – evlərinə, Vətəninə qayıdan insanlar işlə təmin edilməlidir. Bizim Böyük Qayıdış Proqramımızın bir tərkib hissəsi də məşğulluqdur, eyni zamanda, aşağı faizli, imtiyazlı kreditlərin verilməsi və təbii ki, sosial infrastrukturun inşası. Zəngilanda artıq böyük bir məktəb binası inşa edilməkdədir. Zəngilan məscidinin inşası yekunlaşır. O, ermənilər tərəfindən məhv edilən qədim məscidin yanında inşa edilib. Bizim işğal altında olmuş bütün torpaqlarımızdakı 67 məsciddən 65-i məhv edilmişdir, 2-si isə yarı dağıdılmış vəziyyətdə olmuşdur. Bu isə, əlbəttə, Azərbaycana qarşı urbisid və kultursidin təzahürüdür.

Bu gün isə bu torpağın sahibləri, əsl sahibləri qayıdıb, sürətli inkişaf baş verir. Böyük Qayıdış Proqramı haqqında danışarkən deyə bilərəm ki, həmin proqram bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Təkcə bərpa etmək deyil – burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir.

 

 

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Bu, təbii ki, parlamentdə yenidən müzakirə ediləcək və dediyim kimi, Azərbaycan bunu öz şəxsi dövlət vəsaiti hesabına həyata keçirir. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib. Özbəkistan Füzulidə məktəb tikdi, digəri isə yekunlaşmaq üzrədir.

Yəni, bu, Azərbaycan üçün çox böyük maliyyə yüküdür. Ancaq Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir.

İnsanlar erməni işğalından çox əziyyət çəkiblər, çətin şəraitdə yaşayıblar, mənəvi çətinliklərlə üzləşiblər. Onlar özlərinin haqlı hüquqlarından məhrum ediliblər, öz Vətənlərindən məhrum ediliblər, qəbiristanlıqlarını ziyarət etməkdən məhrum ediliblər. Yeri gəlmişkən, qəbiristanlıqların böyük bir hissəsi işğalçı qüvvələr tərəfindən tamamilə dağıdılıb. Onlar bu imkanı, bu fürsəti 30 il gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi – bizim şanlı Qələbəmizlə bitən müharibə onlara bu şəraiti yaratdı. Bu gün onların bizdən gözləntiləri odur ki, onları tezliklə bu yerlərə qaytaraq.

Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə qayıtsınlar, Füzuli şəhərinə qayıtsınlar, Ağalı kəndinə qayıtsınlar, Talış və Zabux kəndlərinə qayıtsınlar. Yəni, bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək, xüsusən də Şuşa və digər şəhərlərdə. Bu, bizim proqramın tərkib hissəsidir.

Digər bir element infrastrukturdur. Məsələn, dünən mən burada – Zəngilanda 10 meqavat gücündə yeni Su Elektrik Stansiyasının açılışını etdim. Ancaq növbəti altı ay ərzində onun imkanları 40 meqavata çatdırılacaq. Azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir. Yəni, azad olunmuş bütün ərazilərimiz yenidən bizim mərkəzi şəbəkəmizə qoşulur və tam inteqrasiya edilib. Bizim azad olunmuş ərazilərdə hidroelektrik enerjinin həcmi bu ilin sonunadək 170 meqavat, 2024-cü ilin sonuna qədər 270 meqavat olacaq. Bu da təbii ki, bizim yaşıl enerji gündəliyimizə böyük töhfə olacaq. Çünki Şərqi Zəngəzur və Qarabağın 10 min meqavat yaşıl enerji potensialı var. Buraya həm günəş, həm külək, həm də su elektrik stansiyaları aiddir. Bu, Azərbaycanın potensialının cüzi bir hissəsidir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı 157 qiqavat təşkil edir. Tezliklə, Azərbaycan yaşıl enerjini ixrac edən ölkə olacaqdır. Hətta yaşıl hidrogen ixrac ediləcəkdir. İlkin hesablamalara görə, bizim potensialımız çox böyükdür. Günəş enerjisinə gəldikdə, artıq Cəbrayıl rayonunda 240 meqavat həcmində yeni stansiya tezliklə icra olunacaq. Ümid edirəm ki, bu layihəyə gələn il başlanılacaq.

 

 

Enerji potensialı, nəqliyyat, yaşayış layihələri – bunların hamısı bizim gündəliyimizin tərkib hissəsidir. Əminəm ki, biz bütün vəzifələrə, hədəflərə nail olacağıq və növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkünü evlərinə qaytaracağıq. Yeri gəlmişkən, qeyd edim ki, artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq.

Diqqətinizə çatdırmaq istədiyim digər məsələ odur ki, Ermənistanın işğalından əziyyət çəkən köçkünlərimiz 30 il ərzində Azərbaycanın müxtəlif bölgələrində yaşayırdılar. Hökumət hər il onlar üçün 300-500 milyon ABŞ dolları arasında vəsait ayırırdı ki, yeni yaşayış layihələri icra edilsin, yeni yaşayış məntəqələri tikilsin. 300 mindən çox məcburi köçkün yaxşı şəraitlə, yeni mənzillərlə, evlərlə təmin edilmişdir. Ancaq torpaqlarımız azad edilən kimi, biz sorğu keçirdik və onların mütləq əksəriyyəti evlərinə qayıtmaq arzusunu ifadə etdilər. Bu gün artıq qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən qayıtmaq istəyirlər. Onlar şəhərlərdən kəndlərə qayıtmaq istəyirlər. Yəni, bunu da düzgün qiymətləndirmək lazımdır. Bu gün hər kəs urbanizasiyadan danışır. Bizdə də bu mövzu var. Bizim bu problemimiz uzun illərdir yaşanır – insanlar bölgələrdən, kəndlərdən şəhərə can atır. Çünki şəhərdə daha çox iş yerləri, məşğulluq imkanları var və özləri üçün daha yaxşı şərait yaratmaq istəyirlər. Amma bu gün biz onun şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu isə ilk növbədə Azərbaycan xalqının öz Vətəninə nə dərəcədə bağlı olduğunu göstərir. Onlar öz vətənlərində, əcdadlarının vətənlərində yaşamaq istəyirlər.

 

 

Hesab edirəm ki, bu gün burada – Zəngilanda, növbəti günlərdə Forumun Bakıda davam etdiyi müddətdə müzakirələr təkcə şəhər planlaması və inkişafa dair təcrübə mübadiləsi ilə bağlı olmayacaq, regionun gələcəyi barədə də fikir mübadiləsi aparılacaq. Biz bu regionun gələcəyini necə görürük? Diqqətinizə çatdırmaq istəyirəm ki, bizə qarşı 30 il ərzində etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib, bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən çoxu hazırkı Ermənistan ərazisindən deportasiya olunub. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. Otuz il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi və beynəlxalq ictimaiyyətin münaqişənin dinc yolla həllinə dair bütün səylərini bloklayırdılar. Təsəvvür edirsinizmi, 1992-ci ildən 2020-ci ilə qədər danışıqlar aparıldı. Sonsuz, mənasız danışıqlar aparılırdı və onların nəticəsi sıfır idi. Danışıqlara vasitəçilik edən ölkələrə baxsaq, görərik ki, onlar istəsəydilər, buna çoxdan nail olmuşdular. Baxın, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə ölkəsi – onlar keçmiş Minsk qrupunun həmsədrləri idi. O qrup ki, işğala son qoymaq üçün mandatı var idi və bu, ATƏT-in çətiri altında həyata keçirilirdi. Amma bizim üçün digər hüquqi çərçivə də var idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var idi ki, onlar bizim ərazilərimizin işğaldan qeyd-şərtsiz və tam azad olunmasını tələb edirdi. Onlar 1993-cü ildə qəbul edilmişdi. Onlar kağız üzərində qalmışdı. Çünki siyasi iradə yox idi və məlum idi ki, Ermənistan bunu istəmir. Onlar status-kvonu əbədi saxlamaq istəyirdilər. Onlar bizim torpaqlarımızı daim öz nəzarətində saxlamaq istəyirdilər. Onlar bu yerlərdə, o cümlədən burada – Zəngilanda qanunsuz məskunlaşma aparırdılar. Ola bilər ki, bu, Zəngilanda o qədər də geniş vüsət almamışdı, amma Laçında, Kəlbəcərdə, Şuşada minlərlə qeyri-qanuni sakin məskunlaşdırılmışdı. Onlar Yaxın Şərqdən və digər ölkələrdən, diaspor tərəfindən dəvət edilmişdilər.

Ermənistan beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozurdu. Cenevrə Konvensiyasına əsasən, cinayət törədirdi. Ancaq beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı sanksiya tətbiq etmədi. Onları heç ictimai şəkildə qınamadılar. Onlara açıq şəkildə çağırış etmirdilər ki, öz qoşunlarını bizim ərazimizdən çıxarsın.

 

 

 

 

Beləliklə, İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi. Sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan hər zaman danışıqlar masasında konstruktiv idi. Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik. Nəticədə isə bunu özümüz etməli olduq. Biz 44 gün ərzində bunu etdik. 44 günlük müharibə qaçılmaz idi. İlk olaraq artıq sadaladığım səbəblərdən, ikincisi isə Ermənistan bu məsələni dondurmaq istəyirdi. Hesab edirdi ki, Azərbaycanda yeni yetişən nəsil Qarabağı unudacaq. Amma onlar böyük səhvə yol verdilər. Bu gün Füzulidə, Laçında, Zabuxda, Ağalıda, Talışda təhsil alan yüzlərlə məktəbli bu torpaqları görməyib. Çünki Azərbaycan xalqının yaddaşından bu tarixi, bu torpaqları heç kim silə bilməz. Aydın idi ki, Ermənistan vəziyyəti məhz bu şəkildə öz nəzarəti altında saxlamaq istəyirdi. Düşünürdülər ki, nə sülh, nə müharibə – davamlı danışıqlar məhz belə də sürəcək. Eyni zamanda, yeni Ermənistan hakimiyyəti ilə bağlı ümidlər də tədricən boşa çıxdı.

Əvvəlki hökumət, nəzər salsaq aydın görərik ki, Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi. İki prezident özləri Xocalı soyqırımında iştirak edənlər idi. Onlar buna görə cavab verməlidirlər, məsuliyyət daşımalıdırlar. Onlar Azərbaycan torpaqlarını talayanlar idi. İyirmi il ərzində onlar əllərindən gələni edirdilər ki, bizim işğal olunmuş torpaqlarımızda bu taktikanı işlətsinlər, həmin taktikanı Ermənistanda da tətbiq etməyə başladılar.

Bu gün də erməni xalqı onlara nifrət edir. Ancaq hazırkı Ermənistan hakimiyyəti ilə bağlı olan ümidlər şişirdilmişdi. İndiki Ermənistan hakimiyyəti istəsəydi, Azərbaycanla sülhə gələrdi, bunu edə bilərdi. Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər bunu bilirdilər. Keçmiş həmsədrlər bilirdi ki, biz bunu Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında dinc yolla həll etməyə hazır idik. Biz Azərbaycandakı erməni azlığın hüquqlarını bərpa etməyə, təmin etməyə hazır idik. İndi isə müharibədən sonra və sonuncu hərbi əməliyyat ki, baş verdi, on gün əvvəl biz yenidən bunu bəyan etdik: Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik. Artıq biz onlara bu məsələ ilə bağlı, reinteqrasiya ilə bağlı öz baxışımızı təqdim etmişik, onların dini, təhsil, mədəni, bələdiyyə hüquqları – beynəlxalq konvensiyalara uyğun olaraq bütün bu məsələlər həll ediləcək. Bu, Azərbaycanın iştirakçısı olduğu bütün konvensiyalara, bizim konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək.

Ancaq İkinci Qarabağ müharibəsindən əvvəlki vəziyyətə qayıdanda, hesab edirəm ki, hazırkı Ermənistan hakimiyyəti bu fürsəti əldən verdi. Onlar bizi düzgün qiymətləndirmədilər, öz imkanlarını düzgün qiymətləndirmədilər. Onların planları var idi ki, bizə qarşı xarici hərbi yardım olunacaq. Onlar təbii ki, burada ciddi yanıldılar. Aydın məsələ idi ki, Azərbaycan öz ərazisində döyüşlər aparırdı. Bu, bizim hüququmuz idi. Bizə BMT Nizamnaməsinə uyğun olan özünümüdafiə hüququnu tanıyan məsələ idi. Üç il bundan öncə Ermənistan kapitulyasiya etməli oldu. Bəs, bundan sonra nə baş verdi? Demək olar ki, biz dərhal sülh danışıqlarına başladıq. Otuz il ərzində münaqişədən, soyqırımından, nifrətdən əziyyət çəkən xalq və ölkə ciddi siyasi iradə göstərdi, siyasi addım atdı: biz sülh təklif etdik. Biz müvafiq komissiyaların yaradılmasını təklif etdik ki, sərhədin delimitasiyası aparılsın. Ancaq Ermənistan buna müsbət cavab vermədi. Həmin bu yeni sülh danışıqları heç bir tərəqqiyə gətirib çıxarmadı. Üç il ərzində bunu etmək olardı. Yenidən yanlış hesablama, yenidən hansısa xarici himayədarlara arxalanma yenidən çətin və mürəkkəb vəziyyət yaratdı.

 

 

Ermənistan hökumət rəsmilərinin, xüsusilə yüksək səviyyəli rəsmilərin ritorikasına baxsanız, bu gün onlar bizi heç etmədiyimiz məsələlərdə ittiham edirlər. Ermənistanın hazırkı rəhbəri 2019-cu ildə Xankəndidə tribunadan bəyan etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu da bizim qırmızı xəttimiz idi. Ona qədər heç kəs belə bir ifadə işlətməmişdi. Bu da təbii ki, atəşkəsin pozulması idi: yəni, əhəmiyyətsiz, mənasız danışıqlara nə ehtiyac var? Ermənistanın rəhbəri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bir hissəsinin Ermənistana məxsus olduğunu rəsmi şəkildə deyirsə, burada hansı danışıqlardan söhbət gedə bilər? Buna baxmayaraq, biz yenə də hesab edirdik ki, bəlkə bu, siyasi yanlışlıqdır. Lakin bundan sonra Ermənistanın müdafiə naziri bəyan etdi ki, Ermənistan bizimlə yeni ərazilər uğrunda yeni müharibəyə hazırdır. Yəni, onlar bizi yeni işğalla hədələyirdilər. Belə çıxır ki, bizim ərazimizin 20 faizinin işğalı onlara kifayət etmirdi. Onların planı var idi ki, Bakıya çatsınlar, hətta Xəzər dənizində çimsinlər. Onların planlarında tanklarla Bakıya gəlmək var idi. Ancaq Ermənistana məxsus tanklar bu gün bizim Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Bir çox yanlışlıqlar, yanlış hesablamalar, bizim potensialımızı, qüvvəmizi və gücümüzü nəzərə almamaq – bu, region üçün ciddi bir fəlakətə səbəb oldu.

 

 

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün hətta yenə də şans var idi. Ancaq onlar Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalı idilər. Onlar ziddiyyətli bəyanatlara son qoymalı idilər. Bir tərəfdən deyirdilər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Digər tərəfdən isə sentyabrın 2-də Ermənistanın rəhbəri qondarma rejimin rəhbərinə onun müstəqilliyi ilə bağlı təbrik məktubu göndərmişdi. Yəni, bu, necə mümkün ola bilər? Bu o demək idi ki, utancverici məğlubiyyətdən üç il sonra, öz məlumatlarına görə, 12 min fərarisi olan, bizim ərazilərimizdən sprinter kimi qaçan həmin Ermənistan bizə qarşı yeni ərazi iddiası irəli sürür.

Bu, artıq qırmızı xəttin növbəti dəfə pozulması idi. 9 sentyabr tarixində artıq bu, neçənci qırmızı xəttimiz idi. Qondarma Dağlıq Qarabağın qondarma “parlament”i 22 nəfərin səsi ilə “Dağlıq Qarabağ rejimi”nin “prezidenti”ni seçdi və həmin o “prezident” öz çıxışında qeyd etdi ki, biz status uğrunda mübarizə aparacağıq. Yəni, bu nə deməkdir və biz buna necə cavab verməliyik?! Biz buna necə dözə bilərdik? Əlbəttə, biz buna dözə bilməzdik. On gün bundan əvvəl baş verən hadisələrin səbəbi Ermənistan baş nazirinin məsuliyyətsiz siyasəti və onun himayədarlıq etdiyi Qarabağdakı separatçılar idi, onların hərəkətləri idi.

Antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi. Bunun nəticəsi nə oldu? Biz davam etdikmi? Xeyr! Bizim belə bir niyyətimiz yox idi. Biz nəticədə harada istəsəydik orada dayanacaqdıq. Bunu demək o qədər də çətin deyil. Ancaq bizim niyyətimiz bundan ibarət deyildi. Biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik və bunu səmimi deyirik. Yəni, bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı. Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir.

Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsin və sülh sazişinin layihəsi üzərində işləsin. 20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik. Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır. Bununla yanaşı, təbii ki, gərək sərhədlərin delimitasiyası üzərində fəal surətdə çalışaq və uzun müddət sürən bu qarşıdurmaya son qoyaq. Azərbaycanda biz sülh istəyirik. Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır.

 

 

 

2020-ci il noyabrın 8-də Şuşa Ordumuz tərəfindən azad olundu və bu, bizim iradəmizin təzahürü idi. Bundan iki gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu. Aprelin 23-də biz Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratdıq və ərazi bütövlüyümüzü tam təmin etdik. Çünki bütün sərhədlərimizə nəzarəti bərpa etdik. Əlbəttə, sentyabrın 20-də biz öz suverenliyimizi bərpa etdik. Yəni, artıq “boz” zonalar yoxdur, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulubdur. Bu, bizim güclü siyasi iradəmizin göstəricisidir. Bu, Azərbaycan hökumətinin Ermənistanla sülhə hazır olduğunu göstərir və bu, yaxşı siqnaldır, – bəziləri hələ də qisasçılıq, revanşist ideyalarla yaşayırlar, – bu, onlara güclü siqnaldır ki, bu fikirlərdən daşınsınlar.

Biz 20 sentyabrda Qarabağdakı Ermənistan ordusuna bəyan etdik: silahlarınızı yerə qoyun və oraları tərk edin. Belə də oldu və bu, baş verdi. Yəni, biz sözümüzə, vədimizə əməl edirik, ona sadiqik. Əminəm ki, Ermənistan hökuməti bu hadisələri düzgün şəkildə təhlil etsə, “Qarabağ Ermənistandır!” bəyanatından sonra – 2019-cu ildə verilən bəyanatdan sonra 20 sentyabradək baş verənləri düzgün təhlil etsə, sülh əlçatandır. Bu, gələcəklə bağlı bizim baxışımızdır. Bu, regionun gələcəyi ilə bağlı baxışımızdır və hesab edirəm, beynəlxalq aktorlar və qonşular görəcəklər ki, bizim münasibətimiz konstruktivdir.

Əziz qonaqlar, hörmətli dostlar, bir daha Şərqi Zəngəzura, Zəngilana xoş gəlmisiniz. Foruma uğurlar arzu edirəm.

 

 

 

x x x

Sonra BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif çıxış etdi.

x x x

Müxtəlif çağırış və qeyri-müəyyənliklər qarşısında iqtisadi cəhətdən inkişaf edə biləcək davamlı şəhərlərin qurulması ilə bağlı strategiyaların müzakirəsi, fikir mübadiləsi və əməkdaşlıq üçün müxtəlif maraqlı tərəfləri, ekspertləri, siyasətçiləri və icmaları bir araya gətirən Forumun açılış mərasimindən sonra tədbir müxtəlif mövzularda sessiyalarla davam edib. Əvvəlcə “Birgə yenidənqurma – regional dayanıqlılıq və davamlı inkişaf üçün əməkdaşlıq imkanları” adlı xüsusi sessiya təşkil olunub.

Sonra “Dayanıqlı və davamlı inkişaf: strategiyalar, fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları” adlı birinci sessiyada yenidənqurma – azad edilmiş ərazilərin reabilitasiya strategiyaları, birgə hərəkət, əlaqələndirmə və regional iqtisadi inkişaf üçün nəqliyyatın imkanlarının gücləndirilməsi, rifah və sülh üçün körpülər qurmaq, münaqişələrin həllində və şəhərsalmanın inkişafında beynəlxalq əməkdaşlığın rolu kimi məsələlər müzakirə edilib.

“Viranlıqdan dayanıqlılığa: parlaq gələcəyə aparan yol” adlı ikinci sessiyada gizli təhlükə ilə mübarizə – minalarla çirklənmə və onun dayanıqlı inkişafa təsiri, regional mərkəzlərin dirçəlişi, Qarabağda əməkdaşlıq imkanlarından söhbət açılıb, Zəngilan şəhərinin Baş planı ilə tanışlıq olub.

Sonda tədbir iştirakçıları Ağalı “ağıllı kənd”inə səfər edib və Zəngilanda sürətlə aparılan yenidənqurma layihələri ilə tanış olublar.

Qeyd edək ki, NUFA2-nin növbəti sessiyaları paytaxt Bakıda təşkil olunacaq və oktyabrın 1-də yekunlaşacaq. Oktyabrın 2-də isə paytaxtımız ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək. Həmin gün nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri “Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu altında əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparacaqlar.

Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/61358

 

 

 

REKLAM ALANI